05.10.2013 İşə Qəbul Şöbəsi “Dəyirmi masa” da

Oktyabrın 4-da "JW Marriott Absheron" mehmanxanasında Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunmuş 7-ci Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi çərçivəsində "Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər" adlı "Dəyirmi masa" keçirilmişdir. "Dəyirmi masa" nın əsas məqsədi ölkəmizin ali təhsil müəssisələri ilə işə götürən təşkilatlar arasında əməkdaşlığın inkişafına nail olmaq, insan resursları bazarında mövcud problemləri müzakirə etmək, iş sektorunun ali təhsil müəssisələri ilə əlaqələri genişləndirməkdən ibarətdir. Tədbirdə əmək bazarına aid işçi qüvvəsinin tələblərə uyğunluğu, kadrların peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan yeni yanaşmalar, təhsillə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində təcrübələr, təhsildə rəqabət, yeni tədris metodlarından istifadənin əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq keçirilən bu tədbirdə "Azərsun Holdinq" i İşə Qəbul Şöbəsinin Müdiri Elçin Əzimli, İntersun Akademiyanın rəhbəri Cəlal Eynullayev və İşə Qəbul Şöbəsinin aparıcı mütəxəssisi Fərid Tağıyev təmsil etmişdir. Elçin Əzimli "Azərbaycan əmək bazarında rastlaşdığımız ciddi problemlər və onların həlli" mövzusunda çıxış etmiş, bu sahə ilə bağlı öz təkliflərini bildirmişdir. "Dəyirmi masa"da Azərbaycanın dövlət və özəl sektorundan iri şirkət və holdinqlərinin insan resursları departamentlərinin rəhbərləri, ali təhsil müəssisələrinin tədris üzrə prorektorları və karyera mərkəzləri rəhbərlərinin iştirakı konstruktiv və effektiv dialoq mühiti yaratmışdır.