16.05.2014 İşə Qəbul şöbəsi əmək yarmarkalarında

Mayın 16-da Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun 2014” əmək yarmarkası keçirilmişdir. “Azərsun Holdinq”in İşə Qəbul şöbəsinin də iştirak etdiyi bu yarmarkada 100-ə yaxın müəssisə 1050-ə kimi vakant iş yerlərini təqdim etmişdir.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, təhsil ocağının tələbə və müəllim heyəti iştirak etmişdir. Universitetin rektoru İbrahim Cəfərov çıxış edərək 2009-cu ildən etibarən Aqrar Universitetdə təşkil olunan “Məzun” yarmarkasının əhəmiyyətindən danışmışdır. 2014-cü ildə 1309 bakalavr, 100 magistrin  təhsil ocağını bitirdiyini qeyd edən İ.Cəfərov məhz bu kimi yarmarkalarda məzunların böyük bir hissəsinin özlərinə əlverişli iş yerləri tapa bildiyini söyləmişdir.

Respublikanın əmək bazarında obyektiv informasiya almaq və məzunları işlə təmin etmək məqsədi daşıyan bu yarmarkada holdinqin İşə Qəbul şöbəsinin əməkdaşları rayon məşğulluq idarələrinin nümayəndələri ilə görüşlər keçirmiş, bölgə vakansiyalarımız haqqında ətraflı məlumat vermişlər. Həmçinin əməkdaşlarımıza müraciət edən 150-dən çox tələbənin CV-si qəbul edilmiş, onlara holdinqin fəaliyyəti və iş prinsipləri barədə məlumat verilmişdir.

Müxtəlif fakültələrdə təhsil alan gənclər “Azərsun Holdinq”də işlə təmin olunacaqlarına ümid etdiklərini və bunu çox arzuladıqlarını bildirmişlər.

Tədbirdə Bölgə Satış Distributorluğu tərəfindən təşkil edilmiş və xüsusi zövqlə quraşdırılmış stenddə məhsullarımızın dadım mərasimi də keçirilmiş, tədbir iştirakçıları “Azerçaya” qonaq edilmişlər.

İşə Qəbul şöbəsinin qatıldığı növbəti əmək yarmarkası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Qafqaz Universitetinin birgə təşkil etdiyi “Karyerada ilk addım” idi.

“Karyerada ilk addım” adlı əmək yarmarkasında Azərbaycanın bir çox qabaqcıl şirkətləri iştirak edirdi. Tədbirdə iştirak edən tələbələr və universitet məzunları ilə yanaşı, müxtəlif sahələrdə çalışan şəxslər də “Azərsun Holdinq”ə olan maraqlarını gizlətməmiş, şirkətlər qrupu üçün ayrılmış stendə yaxınlaşaraq istəklərinə uyğun vakansiyalar, təcrübə proqramları, işə qəbul qaydaları barədə suallarla əməkdaşlarımıza müraciət etmişlər. İnsanlar hər il olduğu kimi, bu il də şirkətimizə böyük maraq göstərmiş, CV-lərini təqdim etmişlər. Əməkdaşlarımız müvafiq vakansiyalarımız çərçivəsində dəyərləndirilə biləcəklərini onların nəzərinə çatdırmış, stendimizi ziyarət edən hər bir şəxsə İşə Qəbul şöbəsinin vizit kartları və müxtəlif hədiyyələr bağışlamışlar.

Həmçininmay ayı ərzində Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Gəncə Texnologiya Universitetində keçirilən Əmək Yarmarkalarında iştirak etmişlər.

İqtisad Universitetindəki tədbirdə əməkdaşlarımız Ceyran Qaraxanova və İlqar Heydərov, Sumqayıt Dövlət Universitetindəki tədbirdə Faiq Mustafayev və Orxan Məmmədov  Gəncədəki tədbirlərdə isə Cahit Kutlu və İntiqam Qurbanov iştirak etmişdir. Gəncədəki tədbirə Gəncə Distribütorluğu məhsullarımızın sərgisini təşkil edərək dəstək olmuşdur.

Qeyd etmək istəyirəm ki, İqtisad Universitindəki tədbir zamanı bizə 2006-cı ildə Şirkətimiz tərəfindən bu universitetə hədiyyə olunmuş kitabxana otağında yer ayrılmışdı.