İş həyatında tutduğun vəzifədən asılı olmayaraq, daha da irəliyə getmək, qarşına qoyduğun məqsədə çatmaq üçün öyrənmək, zirəklik və iradə nümayiş etdirməklə yanaşı, məsuliyyətli, əməksevər, əzmkar olmaq da əsas şərtlərdəndir. Sadalanan bu xüsusiyyətlərə sahib olan hər bir şəxs, heç şübhəsiz məqsədinə nail olacaqdır. Ən təqdirəlayiq hal isə gənclərin bu xüsusiyyətlərə sahib olmasıdır. Belə gənclərimizdən biri də Fuad Salmanlıdır. 2015-ci ildən “Sun Tea” Çay Paketləmə Fabrikində çalışan F.Salmanlı müəssisədə fəhlə kimi işə başlasa da, operator olmağı qarşısına məqsəd qoyub və avadanlıqların fəaliyyətini dərindən öyrənməyə çalışıb. Fuadın səy və əzmkarlığını görən operatorlar ona yaxından dəstək olublar. F. Salmanlının işinə qarşı məsuliyyəti və əməksevərliyi müəssisə rəhbərliyinin də gözündən yayınmayıb.
Rəhbərlik Fuada diqqət və qayğı göstərərək onu həvəsləndirib, əməkdaşımızda özünəinamı daha da artırıb. Təbiətcə mehriban və ünsiyyətcil olduğuna görə iş yoldaşları arasında hörmət qazanıb. Məhz bu xüsusiyyətləri ona təcrübəli işçilərdən işin sirrini öyrənməkdə və onların dəstəyini qazanmaqda kömək olub. Texniki təmir sahəsində biliklərini artıran F. Salmanlı, hazırda texniki işçi kimi yetişməkdədir. Hədəfinə addım-addım irəliləyən Fuad Salmanlının əldə etdiyi uğur, onun çalışqanlığı, işinə qarşı məsuliyyəti və yüksək qavrama qabiliyyətinin bəhrəsidir. 2022-ci ildən isə F. Salmanlı təmirçi-çilingər olaraq fəaliyyətini davam etdirir. İnanırıq ki, əməkdaşımız gələcəkdə də özünü inkişaf etdirməklə şirkətimizə daha çox fayda verəcəkdir.
Tərənnüm Əlirzayev - İstehsalat mühəndisi
Fiziki cəhətdən sağlam həyat tərzi sürmək hər birimiz üçün çox vacibdir. Əslində bu qaydalara əməl etmək də çətin deyil. Azərbaycan Duz İstehsalat Birliyində çalışan əməkdaşımız, 1976-cı il təvəllüdlü Tərənnüm Əlirzayev sağlam həyat tərzi sürməyə üstünlük verən insanlardandır. Masazır Duz Zavodunda 2013-cü paketləmə sahəsində briqadir vəzifəsində işə başlamışdır. 2015-ci ildən növbə rəisi vəzifəsini icra etməyə başlamışdır. 2022-ci ildən isə istehsalat mühəndisi olaraq fəaliyyətini davam etdirməkdədir.
Qeyd edək ki, Tərənnüm bəy hər gün Sumqayıtdan Masazır Duz Zavoduna işə velosipedlə gəlib-gedir. Yeddi uşaq atası olan T.Əlirzayev, həm də Azərbaycan Duz İstehsalat Birliyinin futbol komandasının baş məşqçisidir. ADİB-in futbol komandası 2017-ci ildə keçirilən çempionatda yarımfinala vəsiqə qazanıb, 2018-ci ildə isə “Xəyal Adası” ilə görüşdə ikinci yerə çıxıb.