“Çatmaq istədikləri bir hədəfi olmayanlar işləməkdən də zövq almazlar” Eynilə E.Rauxa (alim, bakterioloq) məxsus aforizmdə deyildiyi kimi, “Azərsun” ailəsi olaraq biz də bu yola çıxanda qarşımıza böyük hədəflər qoyduq. Məhz bu böyük hədəflərin sayəsində işləməkdən zövq alaraq yorulmadan çalışdıq və Azərbaycanın ən böyük qida təminatçılarından birinə çevrildik.
Belə ki, 1991-ci ildə fəaliyyətə başlayan “Azərsun Holdinq” hazırda ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən birinə çevrilib. Yarandığı ildən daim inkişaf yolunu seçən Şirkətlər Qrupumuz qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayıb. Paytaxt və bölgələrdə yerləşən ən müasir standartlara cavab verən müəssisələrimiz geniş istehsal prosesi ilə yanaşı, ixrac potensialı da yaradıb. Sözsüz ki, yarandığı dövrdən “Azərsun Holdinq”in surətli inkişaf və böyüməsi fonunda dəyişilməyən əsas şüarı keyfiyyətdir. Beynəlxalq rəqabətdə israrlı olan Şirkətlər Qrupumuzun istehsal fəaliyyətlərində əhatə etdiyi bütün mərhələlərdə onu müşayiət edən və etalona çevrilmiş “keyfiyyət” amili azərsunluların dəyişməz dəyəridir. Keyfiyyət qrupumuzun heç bir halda güzəştə getmədiyi dəyişməz fəlsəfəsinin əsası, eyni zamanda başlanğıcıdır. Keyfiyyət bizim həyatımızdır. Həmçinin inanırıq ki, istehsal etdiyimiz məhsulun keyfiyyəti ilə məhsulu istehsal edən işçinin keyfiyyəti bir bütün təşkil edir. Bu bütünü isə ekoloji saflıq və sağlam iş mühiti tamamlayır. Bütün məhsullarımız bu mühitdə istehsal olunaraq siz - dəyərli müştərilərimizə təqdim olunur.
Fəaliyyəti dövründə şirkətlər qrupumuz istər respublika, istərsə də beynəlxalq əhəmiyyətli layihələrə qatılaraq ölkəmizi layiqincə təmsil edib. Bütün bu illər ərzində “Azərsun Holdinq” bir çox mükafatlara və sertifikatlara layiq görülüb.
Bildirmək istəyirəm ki, ölkədə sahibkarlığın inkişafı siyasətindən və yaradılan mühitdən digər şirkətlər kimi “Azərsun Holdinq” də faydalanaraq milli brendin yaradılmasında özünəməxsus rol oynayır. Hazırda daxili bazarda qida tələbatının böyük hissəsini qarşılayan şirkətimiz, illərdir öz məhsullarını ölkə xaricinə də ixrac edir. 40-dan artıq ölkəyə ixrac olunan məhsullarımızın üzərində “Made in Azerbaijan” yazısını daşımasından şərəf duyuruq.
Məqsədimiz, bu uğurlu fəaliyyəti gələcəkdə də davam etdirmək, daxili bazarın tələbatlarını qarşılamaqla yanaşı, milli brendin ölkə xaricində də tanıdılması və ixracın artırılmasıdır.